Peyğəmbərin ﷺ: “Onlara Yusufun zamanında göndərdiyin (qıtlıq və quraqlıq) illəri kimi illər göndər!”– deyə dua etməsi
حَدَّثَنَا عُثْمَانُ بْنُ أَبِى شَيْبَةَ قَالَ حَدَّثَنَا جَرِيرٌ عَنْ مَنْصُورٍ عَنْ أَبِى الضُّحَى عَنْ مَسْرُوقٍ قَالَ كُنَّا عِنْدَ عَبْدِ اللَّهِ فَقَالَ إِنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَمَّا رَأَى مِنَ النَّاسِ إِدْبَارًا قَالَ « اللَّهُمَّ سَبْعٌ كَسَبْعِ يُوسُفَ » . فَأَخَذَتْهُمْ سَنَةٌ حَصَّتْ كُلَّ شَىْءٍ حَتَّى أَكَلُوا الْجُلُودَ وَالْمَيْتَةَ وَالْجِيَفَ ، وَيَنْظُرَ أَحَدُهُمْ إِلَى السَّمَاءِ فَيَرَى الدُّخَانَ مِنَ الْجُوعِ ، فَأَتَاهُ أَبُو سُفْيَانَ فَقَالَ يَا مُحَمَّدُ إِنَّكَ تَأْمُرُ بِطَاعَةِ اللَّهِ وَبِصِلَةِ الرَّحِمِ وَإِنَّ قَوْمَكَ قَدْ هَلَكُوا ، فَادْعُ اللَّهَ لَهُمْ قَالَ اللَّهُ تَعَالَى { فَارْتَقِبْ يَوْمَ تَأْتِى السَّمَاءُ بِدُخَانٍ مُبِينٍ } إِلَى قَوْلِهِ { عَائِدُونَ * يَوْمَ نَبْطِشُ الْبَطْشَةَ الْكُبْرَى } فَالْبَطْشَةُ يَوْمَ بَدْرٍ ، وَقَدْ مَضَتِ الدُّخَانُ وَالْبَطْشَةُ وَاللِّزَامُ وَآيَةُ الرُّومِ .
“Rəvayət edilir ki, Məsruq ﵀ demişdir: “Mən Abdullahın yanında olduqda o dedi: “Peyğəmbər ﷺ bəzi adamların İslama arxa çevirdiklərini gördükdə dua edib demişdir: “Allahım, onlara Yusufun zamanında göndərdiyin yeddi (qıtlıq və quraqlıq) illəri kimi illər göndər!” Bundan sonra onlara elə bir qıtlıq və quraqlıq üz verdi ki, hər şey məhv oldu, iş o yerə gəlib çatdı ki, onlar heyvan dərilərini, ölmüş heyvanları və iylənmiş cəmdəkləri yeməyə başladılar. Onlardan kimsə göyə baxdıqda aclıqdan gözünə tüstü-duman görünürdü. Onda Əbu Süfyan Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Muhəmməd! Sən bizə Allaha itaət etməyi, qohumluq əlaqələrini möhkəmləndirməyi buyurursan, lakin sənin həmqəbilələrin həlak olur. Onlar üçün Allaha dua et!” (Peyğəmbər ﷺ dua etdi və yağış yağdı, lakin onlar yenə öz küfrlərinə qayıtdılar). Uca Allah buyurur: “Sən göydən aşkar bir tüstü gələcəyi günü gözlə. O tüstü ki, insanları bürüyəcəkdir. Bu, ağrılı-acılı bir əzabdır. Onlar: “Ey Rəbbimiz! Bizi bu əzabdan qurtar, biz də iman gətirək”– deyəcəklər. Onlar necə öyüd-nəsihət eşidə bilərlər ki, artıq onlara açıq-aşkar bir peyğəmbər gəlsə də, onlar ondan üz çevirib: “Öyrədilmiş bir dəlidir!”– dedilər. Biz əzabı bir az sizdən uzaqlaşdırarıq, amma siz yenə azğınlığa qayıdacaqsınız. Kafirləri böyük bir müsibətlə yaxalayacağımız gün Biz onlardan intiqam alacağıq”. (əd-Duxan, 10-16). Ayədəki “Kafirləri böyük bir müsibətlə yaxalayacağımız gün” Bədr günüdür ki, artıq olub-keçmişdir. Kafirlərin qıtlıq və quraqlığa məruz qalması, böyük bir müsibətlə yaxalanması, əzabın onlar üçün daimiləşməsi və rumluların farslara qalib gəlməsi artıq olub-keçmişdir”.”
İstinad
Buxari, 1007 (İstisqa, 3)
Səhih əl-Buxari — İstisqa kitabı