Səhih Muslim

Kolleksiya haqqında

Səhih Muslim

صحيح مسلم

Bu kitab əsasən Peyğəmbərin ﷺ hədislərinin, həmçinin səhabə və tabiinlərin sözlərinin cəm olduğu kitabdır. Kitabın yayılmış bir neçə nüsxəsi var ki, onlarda olan hədislərin saylarında müəyyən fərqliliklər var. Belə ki, bəzi variantlarda hədislərin sayı 7748, bəzilərində 5362, başqa bir variantında isə 3033 göstərilir. Bu da müəyyən qarışıqlıq yaradır. Hədislərin sayının fərqliliyi isə hədis sayı çox olan nüsxədə hədisləri bir-bir, hədislərin sayı az olan nüsxədə isə bir neçə hədisi bir rəqəmlə qeyd etməkdən irəli gəlmişdir. Azərbaycan dilinə tərcümə olunmuş bu variant hər hədisə bir rəqəm qeyd edilmiş və sayı 7748 olan nüsxədir. Birinci cilddə 1188 hədis tərcümə edilmişdir. Alimlərin bu kitab haqda dedikləri: ən-Nəvəvi ﵀ demişdir: “Alimlər əl-Buxari və Muslimin “Səhih” əsərlərinin möhtəşəm Qurandan sonra ən səhih kitablar hesab edilməsində ittifaq etmişlər. Müsəlman ümməti bu iki kitabı tərəddüd etmədən qəbul etmişdir”. Əhməd ibn Məsləmə ﵀ demişdir: “Muslim bu kitabı on beş ilə yazmışdır”. Muslim ibn Həccac ﵀ özü bu kitab haqda demişdir: “Mən bu səhih hədislər toplusunu üç yüz min hədisin içindən seçib yazmışam”. İmam Muslim ibn Həccacın “əl-Cəmi” əsərinə bir çox alimlər tərəfindən şərhlər yazılmışdır, lakin bu şərhlərin ən məşhuru İmam ən-Nəvəvinin ﵀ yazdığı “əl-Minhəc” adlı şərhdir. Həmçinin şərhlərdən əlavə əl-Buxari və Muslimin “Səhih” əsərlərinin üzərinə “Mustədrak” adlanan əsərlər də yazılmışdır. “Mustədrak”, “Səhih” əsərlərdən birinin və ya hər ikisinin şərtlərinə uyğun gələn və bu iki kitabda nəql edilməmiş hədislərin cəm edildiyi hədis toplusuna verilən addır. əl-Buxari və Muslimin “Səhih” əsərləri üzərinə yazılmış əsas “Mustədrak” əsərləri bunlardır: “əl-İstidrakət vat-Tətəbbu”, müəllif Əli ibn Ömər əd-Dəraqutni (h. 385); “Kitab əl-Əhədis Ciyəd əl-Muxtəra”, müəllif Əbu Abdullah Muhəmməd ibn Abdul-Vahid əl-Məqdisi əd-Diməşqi (h. 643); “əl-Mustədrək alə Kitab əs-Səhiheyn”, müəllif Əbu Abdullah əl-Hakim (h. 405); əz-Zəhəbi (h. 748) bu kitabdakı hədisləri yoxlamış və bunların xülasəsini “ət-Təəqqubat” əsərində qeyd etmişdir; “əl-İlzamət”, müəllif Əbu Bəkr Əhməd ibn Hüseyn əl-Beyhəqi (h. 458). Muslimin “əl-Cəmi” (Səhih) əsərində hədisin səhih olması üçün qoyduğu şərtlər aşağıdakılar olmuşdur: 1. Sənəddə bağlılığın olması; yəni sənədin əvvəlindən axırınadək adı keçən ravilər, rəvayət etdikləri hədisi bir-birindən rəvayət etmiş olsunlar; 2. Ravilərin ədalətli olması; yəni isnaddakı ravilərin hər biri həddi-büluğa çatmış, ağlı başında olan, Allaha və Onun Elçisinə ﷺ itaət edən əxlaqlı müsəlman olmalıdır; 3. Ravilərin, eşitdikləri hədisi hifz etməsi; yəni hər bir ravi eşitdiyi hədisi olduğu kimi ya əzbərdən, ya da yazılı şəkildə mühafizə etməlidir; 4. Rəvayətlər arasında ziddiyyətin olmaması; yəni ravinin nəql etdiyi hədis digər ravilərin və ya ondan üstün dərəcədə olan bir ravinin rəvayət etdiyi hədisə zidd olmamalıdır; 5. Rəvayətdə “illə”nin olmaması; yəni hədisin istər mətnində, istərsə də isnadında onu zəiflədən amil olmamalıdır; 6. İsnaddakı ravilərin eyni əsrdə yaşaması; yəni isnaddakı hər bir ravi hədisi ona rəvayət edən ravi ilə eyni əsrdə yaşamış olmalıdır. Ən mötəbər hədislər: Alimlərin yekdil qərarına görə ən mötəbər hədislər mutəvatir isnadla rəvayət edilmiş hədislərdir. Bundan sonra isə hədislər mötəbərlik etibarı baxımından aşağıdakı dərəcələrə bölünürlər: Üzərində əl-Buxari və Muslimin ittifaq etdiyi hədislər; Yalnız əl-Buxarinin rəvayət etdiyi hədislər; Yalnız Muslimin rəvayət etdiyi hədislər; əl-Buxari və Muslimin “Səhih” əsərlərində olmayan, lakin onların şərtlərinə uyğun gələn hədislər; Yalnız Buxarinin şərtlərinə uyğun gələn hədislər; Yalnız Muslimin şərtlərinə uyğun gələn hədislər; əl-Buxari və Muslimin rəvayət etmədiyi, habelə onların şərtlərinə uyğun gəlməyən, digər mühəddislərin rəvayət etdiyi səhih hədislər.

İmam Əbul-Hüseyn Muslim ibn Həccac əl-Quşeyri ən-Nisaburi haqqında

İmam Əbul-Hüseyn Muslim ibn Həccac ibn Muslim əl-Quşeyri, hicrətin 206-cı (m. 821-ci) ilində Xorasanın Nisabur - indiki İranın Xorasan əyalətində Nişapur şəhərində anadan olmuşdur. O, Nisaburda müəyyən qədər elm aldıqdan sonra biliyini artırmaq məqsədilə Hicaz, Misir, Suriya, İraq və digər məmləkətlərə səyahət etmiş və iki yüzdən çox alimdən elm almışdır. Onlardan bəzilərinin adlarını qeyd edək: Abdullah ibn Məsləmə əl-Qanəbi, Abdullah ibn Abdur-Rahmən əd-Darimi, Abdullah ibn Muhəmməd əz-Zuhri, Bəşşar Bundər, Əbu Asim Əhməd ibn Ğavvas, Əbu Bəkr ibn Əbu Şeybə, Əbu Zura ər-Razi, Əbu Xeysəmə Zuheyr ibn Hərb, Əbu Kureyb Muhəmməd ibn əl-Əla, Əli ibn Həcər əs-Sədi, Əhməd ibn Abdur-Rahmən ibn Vəhb əl-Misri, Əhməd ibn Hənbəl, Əhməd ibn İsa ət-Tustəri, İbrahim ibn Munzir, İshaq ibn Rahaveyh, Quteybə ibn Səid, Muhəmməd ibn Bəkkar ibn Rəyyan, Muhəmməd ibn İsmail əl-Buxari, Muhəmməd ibn Rafi ən-Nisaburi, Muhəmməd ibn Abdullah ibn Numeyr, Muhəmməd ibn Hatim əs-Səmin, Muhəmməd ibn Musənnə, Səid ibn Mənsur, Yəhya ibn Məin və başqaları. Muslim ibn Həccac “Səhih əl-Buxari” kitabının müəllifi, mühəddislərin imamı Muhəmməd ibn İsmail əl-Buxari ilə çox gözəl münasibətdə olmuşdur. İmam Muslimin bir çox tələbəsi olmuşdur. Onlardan bir neçəsinin adını qeyd edək: Abdullah ibn Yəhya əs-Sərxəsi, Abdur-Rahmən ibn Əbu Hatim ər-Razi, Əbu Abbas Muhəmməd ibn İshaq ibn Sirac, Əbu Bəkr Muhəmməd ibn İshaq ibn Xuzeymə, Əbu Əvanə Yaqub ibn İshaq əl-İsfəraini, Muhəmməd ibn Abd ibn Humeyd, Səid ibn Amr əl-Bərzəi (Bərdəvi), Yəhya ibn Səid və başqaları. Muslim ibn Həccacın müasirlərindən olan İslam alimləri onun haqqında çox gözəl sözlər söyləmiş, onun hörmətli şəxsiyyət və möhtərəm imam, hədis elmində yüksək məqam sahibi olmasını qeyd etmişlər. Muslim ibn Həccac hicrətin 261-ci ilində Rəcəb ayının 24-ü bazar günü vəfat etmiş və ertəsi gün ayın 25-də Nisaburda dəfn edilmişdir. Muslim ibn Həccac bir çox kitab yazmışdır. Onlardan ən məşhurları aşağıdaklardır: Kitəb ət-Təmyiz – mühəddislərin hədis tənqidindəki metodlarını əhatə edir; Kitəb Təbəqat ət-Tabiin – səhabə və tabiin olan hədis rəvayətçilərindən 2246 nəfərin mədinəli, məkkəli, kufəli, bəsrəli, şamlı və misirli olmasına görə sıralanmasını əhatə edir; əl-Munfəridat val-Vuhdan (əl-Əfrad) – yalnız bir hədis rəvayət edən səhabə və tabiinlərin adı olan kiçik risalə; Kitəb Əvləd əs-Səhabə - Səhabələrin övladlarının adları haqda əsər; Kitəb Hədis Amr ibn Şueyb – Amr ibn Şueybin rəvayət etdiyi hədislər; Kitəb əl-İləl – çatışmayan cəhətlər olan hədislər haqda kitab; Kitəb Məşayix Malik – İmam Malikin şeyxləri (müəllimləri); Kitəb Məşayix əs-Səvri - Süfyan əs-Səvrinin şeyxləri (müəllimləri); Kitəb əl-Muxadram – Peyğəmbərin ﷺ dövründə yaşayıb İslamı qəbul edən, lakin Peyğəmbəri ﷺ görməyənlər haqda kitab; Kitəb Sualət Əhməd ibn Hənbəl – İmam Əhməd ibn Hənbələ cərh və tədil haqda verilən suallar; Ricəlu Urva ibn əz-Zubeyr və cəməatun min ət-tabiin va ğayrihim; əl-Musnəd əl-Kəbir alə Əsma ər-Rical – Əbu Avanənin “Muxtəsəru Əbu Avanə” adlı əsərinin bu əsər olduğu deyilir. Kitəbul-Kunə vəl-Əsma – hədislərdə bəzi rəvayətçilərin künyələri ilə edilməsi və əksinə, künyə deyil adları ilə qeyd edilməsinə görə əmələ gələn qarışıqlığı aradan qaldırmaq üçün yazılan əsər və başqa əsərlər. Lakin bu kitablar içində ona müsəlmanlar arasında dünya şöhrəti qazandırmış kitab var. Bu da “əl-Cəmi” və ya “Musnəd əs-Səhih” adlı əsəridir. Bu kitabın ən məşhur və geniş yayılmış adı “Səhih Muslim” adıdır. İrəlidə İmam Muslimin əsərini İmam əl-Buxarinin əsəri ilə yanaşı qeyd etdikdə “Səhih” adı ilə qeyd edəcəyik.