Kolleksiya haqqında
سُنَنُ النَّسَائِي
Əlimizdə olan bu kitab isə müəllifin yazdığı əsərlər arasında ən məşhuru olan “əl-Muctəbə min əs-Sunən” və ya daha çox “Sunən ən-Nəsəi” adı ilə məşhur olan kitabdır. Bu kitabda Peyğəmbərimizdən ﷺ rəvayət edilən və müxtəlif mövzuları əhatə edən hədislər toplanmışdır. Bu hədis kitabı altı müəllifin “Kutubus-Sittə” adlanan hədis kitablarından biridir. Kitabda 5758 hədis yer almışdır. Bundan əlavə, “Sunən ən-Nəsəi”nin müxtəlif çapları mövcuddur ki, bu kitablarda olan hədislərin nömrələnməsi bir-birindən fərqlənir. Bəzilərində son hədis rəqəmi kimi 5776, bəzilərində 5662, bəzilərində də isə 5754 rəqəmi göstərilir. Xatırladaq ki, bu fərqlilik əlavə hədislərin olması və ya bəzi hədislərin çıxarılmasına görə yox, sadəcə bir hədisin bir neçə hissəyə bölünərək əlavə nömrələnməsinə görə belə olmuşdur.
Əbu Abdur-Rahmən Əhməd ibn Şueyb ibn Əli ən-Nəsəi ﵀ hicrətin 215-ci (miladın 830-cu) ilində Xorasanın Nəsa məntəqəsində anadan olmuşdur. Kiçik yaşlarında Qurani-Kərimi əzbərləmiş, on beş yaşından etibarən hədis öyrənməyə başlamışdır. Quteybə ibn Səid, İbn Rahaveyh, Əbul-Həsən ibn Əbu Şeybə, Əhməd ibn Hənbəl, Əhməd ibn Mani, Əli ibn Hucr, Hişam ibn Əmmar, Duheym, İbrahim ibn Səid əl-Cövhəri, Fəlləs, Muhəmməd ibn Bəşşər əl-Bundər, İbn əl-Musənnə, Yaqub ibn İbrahim əd-Dəvragi, Əbu Zura ər-Razi, Əbu Hatim ər-Razi, əl-Bəzzər, Əbu İshaq əl-Cuzcəni, Əbu Yələ əl-Mosuli kimi hədis alimləri onun müəllimləri olmuşlar. Hədis elminə dərindən yiyələnmək üçün Xorasan, Hicaz, Misir, İraq, Əlcəzair və Suriyada olan elm mərkəzlərində olmuş, sonra Misirdə məskunlaşmışdır. əl-Buxari və Muslimin ﵀ müəllimlərindən elm almış, hədis şərtlərinə uyğun olmaq şərtilə Əbu Davud əs-Sicistani və Abdullah ibn Əhməd ibn Hənbəldən ﵀ də hədislər rəvayət etmişdir. Rəvayətlərə görə dörd yüz əllidən çox alimdən faydalanmışdır. Qasim ibn Sabit, Əbu Bişr əd-Dulabi, ət-Tahavi, Əbu Avanə əl-İsfərayini, əl-Uqeyli, Nəhhas, Əbu Əli ən-Nisaburi, Əbu Səid ibn Yunus, İbn Hibban, Həmzə əl-Kinani, ət-Tabərani, İbn əs-Sunni və başqaları onun oğlu Abdul-Kərim vasitəsilə ondan hədislər rəvayət etmişlər. Tələbəsi Əbu Səid ibn Yunusun dediyinə görə İmam ən-Nəsəi ﵀ hicri təqvimi ilə Səfər ayının 13-ü 303-cü ildə (miladi: 28 avqust, 915-ci ildə) Fələstinin Ramlə qəsəbəsində vəfat etmişdir.