Sunən İbn Məcə

Kolleksiya haqqında

Sunən İbn Məcə

سُنَنُ ابْنِ مَاجَه

Əbu Abdullah İbn Məcə ﵀ elm səyahətindən sonra Peyğəmbərdən ﷺ rəvayət edilən hədislərin toplandığı “Sunən” kitabını yazmağa başlamışdır. Oxucularımıza təqdim etdiyimiz bu kitab da İbn Məcənin “Sunən” adlı hədis kitabının azərbaycan dilinə edilmiş tərcüməsidir. Kitabda 4341 hədis toplanmış, bir qismi digər hədis kitablarında təkrarlansa da, 1339 hədisi yalnız İbn Məcə ﵀ rəvayət etmişdir. Kitabda olan hədislər Şueyb əl-Arnavutun və Muhəmməd ibn Nəsirəddinin təhqiqləri əsasında sıralanmış, onların səhih hesab etdiyi hədislər ardıcıl rəqəmlərlə qeyd edilmişdir. Mötərizə içində olan rəqəmlər isə kitabın orijinalında olan nömrələri əks etdirir.

İmam Əbu Abdullah Muhəmməd ibn Yəzid İbn Məcə haqqında

Əbu Abdullah Muhəmməd ibn Yəzid İbn Məcə ﵀ hicrətin 209-cu ilində Cənubi Azərbaycanın – indiki İranın Qəzvin şəhərində anadan olmuşdur. Hafizəsi çox güclü olan İbn Məcə ﵀ təqribən on beş yaşından hədis əzbərləməyə başlamış, müəllimləri Qəzvinin məşhur hədis hafizləri Əli ibn Muhəmməd ət-Tanəfisi və Əbu Hucr Amr ibn Rafi əl-Bəcəli olmuşlar. Böyüdükdən sonra Qəzvindən uzaqlarda yerləşən şəhərlərə gedərək alimlərdən elm öyrənməyə başlamışdır. Kufədə Əbu Bəkr ibn Əbu Şeybə, Osman ibn Əbu Şeybə; Bəsrədə Muhəmməd ibn Bəşşər və Abdullah ibn Muaviyə əl-Cumahi; Vasitdə Əhməd ibn Sinan əl-Kəttan, Bağdadda Əbu Heysəmə Zuheyr ibn Hərb; Dəməşqdə Hişam ibn Əmmar və Duheym; Himsdə Muhəmməd ibn Musaffə əl-Himsi və Əbut-Taki Hişam ibn Abdul-Məlik əl-Yəzəni; Misirdə Muhəmməd ibn Rumh, Əbu Tahir ibn Sərh və Yunus ibn Abdul-Əla; Məkkə və Mədinədə Musab ibn Abdullah əz-Zubeyri və Əbu Musab əz-Zuhri; Reydə Muhəmməd ibn Humeyd ər-Razi; Nişapurda Muhəmməd ibn Yəhyə əz-Zuhli kimi alimlərdən hədis öyrənmişdir. Əli ibn İbrahim əl-Kəttan, Süleyman ibn Yəzid əl-Fəmi, Əbu Yalə əl-Hilalinin babası Əhməd ibn İbrahim əl-Hilali və Muhəmməd ibn İsa əl-Əbhəri isə ondan hədislər rəvayət etmişlər. İmam əz-Zəhəbi ﵀ onun hicrətin 273-cü ilində (miladi 887-ci il) Ramazan ayının 21-də (fevralın 19-da) Qəzvin şəhərində vəfat etdiyini nəql etmişdir.