Əxlaq

Salamın fəziləti

عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو أَنَّ رَجُلاً سَأَلَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: أَيُّ الإِسْلاَمِ خَيْرٌ؟ قَالَ: «تُطْعِمُ الطَّعَامَ وَتَقْرَأُ السَّلاَمَ عَلَى مَنْ عَرَفْتَ وَمَنْ لَمْ تَعْرِفْ».

“Abdullah ibn Amr ﵄ rəvayət edir ki, bir nəfər Allah Elçisindən ﷺ soruşdu: “İslam (xislətlərindən) ən xeyirlisi hansıdır?” Peyğəmbər ﷺ dedi: “Sənin (ehtiyacı olana) yemək yedirtməyin, tanıdığına və tanımadığına salam verməyindir”.”

Abdullah ibn Amr
Səhih

Qeyd

Muslim, 160. Yəni qarşına çıxan hər kəsə salam verməlisən. Yalnız tanıdığın adama salam vermək İslam əxlaqına zidd olan bir xasiyyətdir və Qiyamətin əlamətlərindəndir. Peyğəmbər ﷺ belə buyurdu: “Birisinin ancaq tanıdığına salam verməsi Qiyamətin əlamətlərindəndir”. (Əhməd, 1/387. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 648). Bu arada bir mühüm məqamı qeyd etmək istəyərdik: Bəzi insanlar qeyri-müsəlmanların onlara salam verməsinə ya cavab vermir, ya da bu cavabı yarımçıq olaraq “Va aleykum – (Sizə də)” deyirlər. Bu haqda Muhəmməd ibn Saleh ﵀ gözəl izah verərək demişdir: “...Uca Allah buyurur: “Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya verilən salamı olduğu kimi qaytarın!” (ən-Nisa, 86). Bu möhtəşəm ayədən o da aydın olur ki, əgər kafirlərdən biri səni salamlayıb, aydın ifadə ilə “əs-Sələ:mu aleyk!” desə, ona “Va aleykəs-sələm!” deyə bilərsən, çünki bunu deməklə onun salamını olduğu kimi qaytarmış hesab edilərsən. Qaldı ki Peyğəmbərin ﷺ: “Kitab əhli sizə salam verdiyi zaman siz onlara: “Va aleykum!”- deyin”, yəni onlara: “Va aleykumus-sələ:m!”- deməyin!” sözünə gəlincə, Peyğəmbər ﷺ bunun səbəbini həmin hədisdə açıqlayıb demişdir: “Yəhudilər salam verdikdə: “əs-Sə:mu aleykum”, yəni “Sizə ölüm olsun!”– deyə sizə bəddua edirlər. Siz də onlara: “Va aleykum (sizin üzərinizə olsun)!”– deyin”. Bu hədisdən aydın olur ki, əgər onlar: “əs-Sələ:mu aleykum”– desələr, biz onlara: “Va aleykumus-sələ:m”– deyə cavab veririk, çünki Uca Allah buyurur: “Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya verilən salamı olduğu kimi qaytarın!” (ən-Nisa, 86)”. (Şərh Riyadus-Salihin, 1/956).

İstinad

Fəzilətli əməllər, 610 (Kitab 13, 53)

Fəzilətli əməllər — Əxlaq