Allahın qarşılaşmaq istədiyi şəxslər
عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «قَالَ اللَّهُ إِذَا أَحَبَّ عَبْدِى لِقَائِى أَحْبَبْتُ لِقَاءَهُ، وَإِذَا كَرِهَ لِقَائِى كَرِهْتُ لِقَاءَهُ»
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə demişdir: “Allah buyurur: “Qulum Mənimlə qarşılaşmaq istəsə, Mən də onunla qarşılaşmaq istəyərəm. O, Mənimlə qarşılaşmaq istəməsə, Mən də onunla qarşılaşmaq istəmərəm”.”
Qeyd
əl-Buxari, 6950, 7065, 7504. Bu hədisdə deyilənlərin nə məna kəsb etməsi haqda başqa hədisdə belə deyilir: Ubadə ibn əs-Samit ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Kim Allahla qarşılaşmaq istəsə, Allah da onunla qarşılaşmaq istəyər, kim də Allahla qarşılaşmaq istəməzsə, Allah da onunla qarşılaşmaq istəməz”. Aişə (və ya zövcələrindən biri) dedi: “Axı biz ölmək istəmirik?!” Peyğəmbər ﷺ buyurdu: “Söhbət bundan getmir. İş orasındadır ki, möminə ölüm yetişdiyi zaman ona müjdə verilir ki, Allah (ondan) razı qalmış və ona ehtiram göstərmişdir. Həmin an onun üçün qarşıda onu gözləyən (nemətdən) daha sevimli bir şey ola bilməz. Odur ki, o, Allahla qarşılaşmaq istəyir, Allah da onunla qarşılaşmaq istəyir. O ki qaldı kafirə, (ölüm) onu haqladığı zaman ona müjdə verilir ki, Allah onu əzaba düçar edəcək və onu cəzalandıracaqdır. Həmin an onun üçün qarşıda onu gözləyən (bəladan) daha pis bir şey ola bilməz. Odur ki, o Allahla qarşılaşmaq istəmir. Allah da onunla qarşılaşmaq istəmir”. (əl-Buxari, 6026, 6507).
İstinad
Qüdsi hədislər, 184 (Kitab 13, 9)
Səhih qüdsi hədislər — Qiyamət