Kolleksiya
الأحاديث القدسية الصحيحة
Allah Elçisi ﷺ Allahın Qurani-Kərimdə buyurduğu kimi: “O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhydir” (ən-Nəcm, 3-4). Onun söylədiyi sözlər arasında “qüdsi” deyilən hədislərə rast gəlinir. Qüdsi hədis həm ləfz, həm də məna cəhətdən Peyğəmbərin ﷺ Rəbbindən rəvayət etdiyi hədislərə deyilir. Hökm və əqidə məsələlərini götürməkdə Quran və Sünnəyə bərabər tutulur. Qüdsi hədislər barəsində alimlər demişlər: “Qüdsi hədislər mərtəbə etibarilə Qurani-Kərim ilə Peyğəmbərin ﷺ hədisləri arasında bir yer tutmaqdadır. Çünki Qurani-Kərim həm ləfz, həm də məna etibarilə Uca Allaha, Peyğəmbərin ﷺ hədisi isə həm ləfz, həm də məna etibarilə Peyğəmbərimizə ﷺ aid edilir. Qüdsi hədis isə məna etibarilə Uca Allaha, ləfz etibarilə isə Peyğəmbərə ﷺ aid edilir”. Qüdsi hədislərlə Quran arasında olan fərq aşağıdakı kimidir: Qurani-Kərim bütövlüklə mütəvatirdir, Qüdsi hədislər isə belə deyil. Qurani-Kərim bütövlüklə səhihdir və onda heç bir xəta yoxdur, qüdsi hədislərin arasında zəif, hətta batil və uydurma hədislərə rast gəlinir. Qurani-Kərim məxluq deyil, yəni yaradılmayıb. Qüdsi hədislər isə Allah Elçisinin ﷺ sözləridir, yəni məxluqdur. Qurani-Kərim həm məna, həm də ləfz etibarilə Allahdandır. Qüdsi hədislər isə mənaca Allahdan, ləfz etibarilə Peyğəmbərdəndir ﷺ. Qurani-Kərim ayə, surə, hizb və cüzlərə bölünür, qüdsi hədislər isə bunlara bölünmür. Qurani-Kərimi oxuduqda onun hər bir hərfinə görə on savab verilir, qüdsi hədislər isə belə deyil. Qurani-Kərim namazda oxunur, qüdsi hədisləri isə namazda oxumaq olmaz. Əziz oxucu! Bu kitaba Peyğəmbərimizin ﷺ yalnız səhih isnadla rəvayət olunan demək olar ki, bütün qüdsi hədislərini daxil etmişik. Oxşar məzmunlu hədislərin çoxunu kitaba daxil etməyib onlardan daha dolğun olanını yerləşdirməklə kifayətlənmişik. Allah bu xeyirxah işdə əməyi olan və köməyini əsirgəməyən hər bir müsəlmandan razı olsun və onları Firdovs Cənnətinə daxil etsin! Allahdan bu əməyin ana dilimizə dolğun və düzgün şəkildə tərcümə olunub ərsəyə gəlməsini, Allah üçün ixlaslı olmasını, bizdən qəbul edib onunla müsəlmanları faydalandırmasını diləyirik. Əgər haradasa xəta etmişiksə, bu, nəfsimizdən və şeytandandır. Müvəffəqiyyət yalnız Allahdandır. Diqqət! Allahın ad və sifətləri yalnız Allaha xas və layiq şəkildə olduğu üçün onların necəliyi və keyfiyyəti barəsində fikir yürütmək, düşünmək və ya danışmaq olmaz!