Ana səhifə

Kolleksiya

Fəzilətli əməllər

الأعمال الفاضلة

SəhihRamin İsbarxanlı·1,120 hədis

Möhtərəm müsəlman qardaş və bacılar! Allaha çox şükürlər olsun ki, Allah bizi cəhalət uçurumundan çıxararaq doğru yola yönəltmiş və bizə Öz Peyğəmbərinin ﷺ yolunu tutub getməyi nəsib etmişdir. Uca Allah Qurani-Kərimin bir çox ayələrində yaxşı işləri əmr edib pis işlərdən çəkindirməyi buyurmuşdur. Həmçinin Muhəmməd ﷺ ümmətinin tərifəlayiq əməlləri etməsi onların ən xeyirli ümmət olmasına səbəb kimi göstərilmişdir. Bu əməllərin mühüm sayılanlarından biri də yaxşı işləri əmr edib pis işlərdən çəkindirməkdir. Uca Allah buyurur: “Siz insanlar üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz”. (Ali-İmran, 110). Əgər Allahın yaxşı əməllər etməyi əmr edib pis işlərdən çəkindirmək haqqında ayəsini imandan öncə qeyd etməsinə diqqət yetirsən, bu vacib əməlin nə qədər böyük əhəmiyyət daşıdığını görərsən. Allahın bu əməli önə çəkməsinə səbəb onun bütün cəmiyyətin mənafeyini əks etdirməsidir. Uca Allah buyurmuşdur: “Mömin kişilərlə mömin qadınlar bir-birinin dostudurlar. Onlar (insanlara) yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah Qüdrətlidir, Mürikdir!” (ət-Tövbə, 71). Ayədə yaxşı işlər görməyi əmr edib pis işlərdən çəkindirməyin namaz qılıb zəkat verməkdən öncə qeyd olunmasına diqqət yetir. Ayə yaxşı işləri əmr edib pis işlərdən çəkindirməyin mömin kişi və qadınlara məxsus əxlaqi keyfiyyət və onların mütləq sifətlərindən olmasına dəlildir. Onlar bu işlərindən ayrılmamalı və onun icrasında səhlənkarlığa yol verməməlidirlər. Quranda belə mənalı ayələr çoxdur. Allah Qurani-Kərimdə əməlisaleh qullarını yaxşı əməllər etməyə təşviq edərək onların savablarını artıracağını vəd edir: “Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən var. Allah istədiyi kimsənin mükafatını artırar. Allah (hər şeyi) Əhatəedəndir, Biləndir” (əl-Bəqərə, 261). Həmçinin Peyğəmbərin ﷺ pak sünnəsində də mükafatı böyük olan fəzilətli əməllərə dair çoxlu hədislər var. Biz də məhz bu mövzuya müraciət edərək Peyğəmbərimizin ﷺ hədislərini toplamaq qərarına gələrək, mövzu ilə əlaqəli həm qəlb əməllərinə, həm də zahiri əməllərə dair böyük mükafat vəd edilən hədisləri toplamışıq. Kitabda olan hədisləri bir çox hədis kitablarından seçərək qeyd etmişik. Bu hədisləri toplayarkən qarşımıza yalnız səhih hədislərə yer verməyi məqsəd qoymuşuq. Qeyd etmək istəyirik ki, hədislərdə “bağışlanar” dedikdə kiçik günahların bağışlanmasından söhbət gedir, lakin elə əməllər var ki, onları etdikdə insan böyüklü-kiçikli bütün günahlardan təmizlənir. “Bağışlanar” sözü o deməkdir ki, günahlarından keçilir. “Silinər” dedikdə isə günahı etməmiş kimi sayılır. Bu isə daha fəzilətlidir. Həmçinin əgər hədislərdə Peyğəmbərdən rəvayət edən səhabənin yalnız Abdullah adı qeyd edilmişdirsə, bu səhabə Abdullah ibn Məsuddur, çünki hədislərdə atasının adı qeyd edilmədən adı çəkilən yalnız bu səhabə olmuşdur.