عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «الْخَيْلُ لِرَجُلٍ أَجْرٌ، وَلِرَجُلٍ سِتْرٌ، وَعَلَى رَجُلٍ وِزْرٌ، فَأَمَّا الَّذِى لَهُ أَجْرٌ فَرَجُلٌ رَبَطَهَا فِى سَبِيلِ اللَّهِ، فَأَطَالَ بِهَا فِى مَرْجٍ أَوْ رَوْضَةٍ، فَمَا أَصَابَتْ فِى طِيَلِهَا ذَلِكَ مِنَ الْمَرْجِ أَوِ الرَّوْضَةِ كَانَتْ لَهُ حَسَنَاتٍ، وَلَوْ أَنَّهُ انْقَطَعَ طِيَلُهَا فَاسْتَنَّتْ شَرَفًا أَوْ شَرَفَيْنِ كَانَتْ آثَارُهَا وَأَرْوَاثُهَا حَسَنَاتٍ لَهُ، وَلَوْ أَنَّهَا مَرَّتْ بِنَهَرٍ فَشَرِبَتْ مِنْهُ وَلَمْ يُرِدْ أَنْ يَسْقِىَ كَانَ ذَلِكَ حَسَنَاتٍ لَهُ، فَهِىَ لِذَلِكَ أَجْرٌ، وَرَجُلٌ رَبَطَهَا تَغَنِّيًا وَتَعَفُّفًا ثُمَّ لَمْ يَنْسَ حَقَّ اللَّهِ فِى رِقَابِهَا وَلاَ ظُهُورِهَا، فَهِىَ لِذَلِكَ سِتْرٌ، وَرَجُلٌ رَبَطَهَا فَخْرًا وَرِيَاءً وَنِوَاءً لأَهْلِ الإِسْلاَمِ، فَهِىَ عَلَى ذَلِكَ وِزْرٌ». وَسُئِلَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الْحُمُرِ فَقَالَ: «مَا أُنْزِلَ عَلَىَّ فِيهَا شَىْءٌ إِلاَّ هَذِهِ الآيَةُ الْجَامِعَةُ الْفَاذَّةُ: }فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ *وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ{.
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “At (saxlamaq), kimisinə savab qazandırar, kimisinin (kasıblığını) ört-basdır edər, kimisinə də günah qazandırar. Savab qazanan adama gəlincə, bu o kimsədir ki, atını otlaqda və ya bağ-bağatlı yerdə uzun kəndirlə bağlayıb Allah yolunda (döyüşmək üçün) saxlamışdır. At otlaqda və ya bağçada otladığı müddət ərzində ona savab yazılar. Hərgah atın kəndiri qırılarsa və at qaçıb bir, yaxud iki təpə aşarsa, onun qoyduğu ləpirlərə və (ifraz etdiyi) nəcisinə görə (yiyəsinə) savab yazılar; və əgər bir çaydan keçib ondan su içərsə, yiyəsinin onu sulamaq istəyi olmasa belə, buna görə ona savab yazılar. Beləliklə də, bu at ona savab qazandırar. Digəri isə, atını insanlara möhtac olmasın və dilənməsin deyə (qazanc məqsədilə) saxlayan, üstəlik onu bəslədikdə Allahın haqqını unutmayan kimsədir. Bu at onun üçün örtük olar. (Üçüncüsü isə,) atını lovğalıq etmək, özünü göstərmək və ya onu müsəlmanların əleyhinə istifadə etmək məqsədilə saxlayan kimsədir. Bu at ona günah qazandırar”. (Bu məqamda) Allah Elçisindən ﷺ eşşəklər barədə soruşdular. O buyurdu: “Bu xüsusda mənə hər şeyi əhatə edən, müstəsna sayılan bu ayələrdən başqa bir ayə nazil olmamışdır: “Zərrə qədər yaxşılıq edən (əvəzini) alacaqdır. Zərrə qədər pislik edən də (əvəzini) alacaqdır”. (əz-Zəlzələ 7-8)”.”